Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri vuruldu
Ötən gecə Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Başqırdıstanda Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazpromneftekhim Salavat” MMC-yə zərbə endirib.
Xalq Tribuna.az -a istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat və görüntülər yayımlanıb.
Dərc olunmuş görüntülərə görə, Ukrayna sərhədindən 1500 km məsafədə yerləşən obyektdə yanğın baş verib. Bunu “Astra”kanalı da təsdiqləyib.
Ukraynanın “Supernova” kanalının məlumatına görə, AVT-6 xam distillə qurğusuna və yüksək sıxlıqlı polietilenin istehsal olunduğu 20 nömrəli sexə ziyan dəyib.
“Qazpromneftekhim Salavat” 2026-cı ildə Ukrayna hava zərbələrindən təsirlənməyən sonuncu əsas benzin istehsalçısı idi. Bu, Rusiya bazarına gündəlik tədarükün 11.000 ton azalmasına, yəni, daxili yanacaq təminatının təxminən 5%-nin itirilməsinə gətirib çıxaracaq.
Zavoda sonuncu dəfə 2025-ci ilin sentyabr ayında iki dəfə hücum edilib. Bu zavod benzin, dizel yanacağı, kerosin və digər neft məhsulları, mayeləşdirilmiş qazlar, butil spirtləri, ammonyak, karbamid və digər məhsullar istehsal edir. 2024-cü ildə zavod 7,2 milyon ton xammal (Rusiyanın ümumi emal həcminin 2,7%-i) emal edərək 1,5 milyon ton avtomobil benzini və 2,5 milyon ton dizel yanacağı istehsal edib.
Respublika başçısı Radiy Xabirov Salavat sənaye zonasına hücumu təsdiqləyib.
Ukrayna dronları həmçinin gecə saatlarında Rusiyanın cənubundakı ən böyük neft emalı zavodlarından biri olan Krasnodar diyarındakı Afipski Neft Emalı Zavoduna hücum edib. Hakimiyyət orqanları zavodda yanğın baş verdiyini bildirir. Bunu Ukraynanın “Krımski Veter” xəbər agentliyi də təsdiqləyir.
Afipski Neft Emalı Zavodu benzin, dizel yanacağı, qaz kondensat distillatları, ağır neft qalıqları və kükürd istehsal edir. Dronlar sonuncu dəfə bu neft emalı zavoduna 11 iyun gecəsi hücum edib.










