media-833

Bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir. Musavat.com xəbər verir ki, onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir.

Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib. Tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun gəlməyən əsaslarla izah edilir.

Xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki məsələ ilə bağlıdır:

  1. Kredit sayı bəhanəsi ilə imtina.

Tələbələrə bildirilib ki, 4 semestrdə 120 kredit toplamaq şərtini yerinə yetirməyiblər (məsələn, 110 kredit toplayıblar). Halbuki Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildə yazılıb ki, “Akademik borcu olan tələbənin kreditləri normadan az ola bilər”. Bu isə o deməkdir ki, tədris borcu olan tələbəyə kredit azlığına görə rədd cavabı vermək qanun pozuntusudur.

  1. YÖS imtahanı ilə bağlı absurd arqumentlər.

Tələbələrin böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub. Lakin Agentlik onlara bildirir ki, yalnız TR-YÖS nəticələri etibarlıdır. Bu isə hüquqa ziddir – çünki TR-YÖS yalnız 2024-cü ildən vahid formada tətbiq olunur və 2023-cü ildə bu tələbin hüquqi əsası olmayıb. 2023-cü ildə imtahan verən tələbədən 2024-cü il nəticəsi tələb olunur.

Tələbələrin və valideynlərin əsas narazılığı ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir. Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir. Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.

Dosent İlham Əhmədov mövzu ilə bağlı Musavat.com-a şərh verib: “Diplom məsələsi süni şəkildə mürəkkəbləşdirilib. Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müqaviləsi var, diplomların qarşılıqlı tanınması mövcuddur. Əgər bu şəxs Türkiyənin rəsmi qeydiyyatından keçmiş universitetində təhsil alıbsa, diplom əldə edibsə və onu qeydiyyatdan keçiribsə, bu diplom avtomatik olaraq tanınmalıdır. Əgər ‘tanımırıq’ deyirlərsə, bu artıq qeyri-qanunidir. Eyni qayda Rusiya və Qazaxıstan üçün də tətbiq olunmalıdır.

Bu gün dünyada hər yerdə distant təhsildən istifadə olunur. Biz isə bu sahədə 50 il geridəyik. Distant təhsildə sərhədi keçmək lazım deyil. Bizim məmurlar deyirlər ki, ‘sən sərhədi keçməmisən, sənin diplomun qüvvədə deyil’. Əgər sərhədi keçəcəkdisə, distant formada niyə oxuyurdu ki? Distant təhsil həm ucuzdur, həm yol xərci olmur, həm də kirayə pulu tələb etmir. Hər baxımdan vətəndaş üçün əlverişlidir. Bu gün ölkəmizdə təhsil haqlarının bahalaşmasından danışırıq. Əgər vaxtında distant təhsili inkişaf etdirib, onun xidmətlərini təqdim etsəydik, bu gün ali təhsilin qiyməti 3-4 dəfə daha ucuz ola bilərdi”.

Qeyd edək ki, məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ilə müraciət etmişik, cavablandırıldığı təqdirdə yayımlanacaq.


media-728x90banner

Bənzər xəbərlər