Turizm üçün qanun əngəli
Mövcud qaydalara görə, Azərbaycanda üç gündən artıq qalmaq istəyən əcnəbilər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
Bunun üçün əcnəbinin qaldığı yerin – mehmanxana, sanatoriya, istirahət evləri, hətta xəstəxana və ya digər belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin sahibi bu şəxsin ölkəyə gəldiyi vaxtdan üç gün ərzində onun sənədlərini Dövlət Miqrasiya Xidmətinə (DMX) təqdim etməlidir. Bunu miqrantın özü də edə bilər. Dövlət Miqrasiya Xidməti isə bir iş günü ərzində müraciəti cavablandırmalıdır. Əgər qeydiyyata düşməzsə, onda əcnəbi üçün məsuliyyət yaranır və onlar 300 manatdan 400 manatadək cərimə edilir, ölkə hüdudlarından kənara çıxarılır.
Məsələnin digər tərəfi isə Azərbaycana gələn şəxslərin əksəriyyətinin bu qaydadan bixəbər olmasıdır. Ekspertlər isə hesab edir ki, qanunvericilikdə olan boşluqlar neqativ hallara yol açır.
Bir gün ərzində orta hesabla Dövlət Miqrasiya Xidmətinə qeydiyyatla bağlı 3500-dən çox müraciət daxil olur. Yəqin ki, bu qaydalar qəbul edilərkən miqrasiya orqanlarına bu cür kütləvi müraciətlərin olacağı göz önünə alınmışdı. Elədirsə, həm dövlət orqanlarına, həm də Azərbaycana gələnlərə belə problem yaratmaq nəyə lazım idi? Əksinə qaydanın bu şəkildə tətbiqi əcnəbinin gözündə ölkənin mənfi imicinin formalaşmasına gətirib çıxarmır? Bu qayda Azərbaycanın turizm potensialının inkişafına mənfi təsir göstərmir?
Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidmətinə ünvanladığımız bu suallara cavab olaraq bildirdilər ki, bu qaydalarla bağlı məlumatlar hava limanında və paytaxtdakı avtobus dayanacaqlarında təqdim olunur. Üstəlik ölkəyə daxil olan əcnəbi pasport qeydiyyatından keçərkən elə ona yaddaş kartı verilir və o kartda üç gün ərzində qeydiyyatdan keçməli olduğu qeyd olunub.
Sonda bir qədər də statistikaya baş vuraq. Qeydiyyat haqqında qayda tətbiq olunandan bəri Azərbaycanda təxminən yarım milyon əcnəbi qeydiyyata alınıb. Gələn il isə Azərbaycanı növbəti iri beynəlxalq tədbirlər gözlənilir. Onların fonunda qaydaların sadələşdirilməsinə, Dövlət Miqrasiya Xidmətinin daha effektiv fəaliyyətinə ehtiyac yaranmayıb?











