“Vanlı Kara Haydar” gəlinə taxdığı qızılları geri aldı
Sosial mediada “Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın toyda gəlinə taxdığı qızıllar və bundan sonrs həbs edilməsi müzakirə edilir.
Xalqa.online Türkiyə mediasına istinadən xəbər verir ki, Van Cumhuriyyət Baş Prokurorluğunun başlatdığı araşdırma çərçivəsində Tançalan sentyabrın 8-də saat 03:00 radələrində Vanın Muradiyə rayonundakı evində saxlanılıb. O, istintaq hərəkətlərindən sonra “cinayətdən əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qərarı verilib.
Tançalanın sosial şəbəkələrdə yayılan görüntüləri, dəbdəbəli həyatı və xüsusilə toyunda taxıldığı bildirilən yüksək miqdarda qızıl-zinət əşyaları da araşdırmaya daxil edilib.
Tançalan isə ifadəsində toyda həyat yoldaşına taxılan qızılların ona məxsus olmadığını və kuyumcudan əmanət götürüldüyünü bildirib.
O, maddi vəziyyətinin həmin qızılları almağa imkan vermədiyini deyərək belə izahat verib:
“Həyat yoldaşıma taxdığım zinət dəstləri, bilərziklər və digər qızıllar əmanət zinətlərdir. Maddi vəziyyətim hazırda buna imkan vermədiyi üçün bu qızılları ala bilmədim.
Keçmiş həyat yoldaşımla davam edən əmlak bölgüsü və aliment məhkəməsi səbəbindən toy etmək üçün bir çox dostumdan borc pul götürdüm. Maddi vəziyyətimin əlverişli olmadığını həyat yoldaşıma da deyə bilmədim.
Bu səbəbdən kuyumçu dostumdan xahiş etdim. O da razılaşdı. Reklamlarını etməyimiz məqsədilə qızılları özləri gətirdilər, özləri taxdılar, toydan sonra da geri apardılar”.
Tançalan barəsində bundan əvvəl sosial media paylaşımları ilə əlaqədar Türkiyə Cinayət Məcəlləsinin 301-ci maddəsi çərçivəsində də araşdırma başladılmışdı.










