media-qis

London Kraliça Mariya Universiteti və Norveç İdman Elmləri Məktəbinin alimləri apardıqları birgə araşdırma nəticəsində müəyyən ediblər ki, uzunmüddətli ac qalmaq bədəndə təkcə piylərin yandırılmasını təmin etmir, həm də beyin, maddələr mübadiləsi və immun sistemində köklü dəyişikliklərə yol açır.

“Nature Metabolism” jurnalında dərc olunan tədqiqat çərçivəsində mütəxəssislər yeddi gün ərzində yalnız su ilə qidalanan 12 sağlam könüllünün vəziyyətini izləyiblər və hər gün onların qanındakı təxminən 3 minə yaxın zülalın dinamikasını yoxlayıblar. Təcrübənin ilk 2-3 günündə orqanizmin qlükoza istifadəsindən piy yandırma rejiminə keçdiyi və iştirakçıların orta hesabla 5,7 kiloqram çəki itirdiyi, normal qidalanmaya qayıtdıqdan sonra isə itirilmiş əzələ kütləsinin bərpa olunduğu, lakin piylərin geri qayıtmadığı müşahidə edilib.

Lakin elmi işin ən böyük kəşfi o olub ki, bədəndəki ən ciddi molekulyar dəyişikliklər dərhal deyil, yalnız tam ac qalmağın üçüncü günündən sonra baş qaldırır. Alimlər öyrənilən zülalların üçdə birindən çoxunun fəallığını əhəmiyyətli dərəcədə dəyişdiyini, xüsusən də beyin neyronları daxil olmaqla, toxuma və orqanları dəstəkləyən hüceyrəxarici matrislə əlaqəli zülallarda kəskin sıçrayışların baş verdiyini aşkar ediblər. Bu tapıntılar ac qalmağın arıqlamaqdan əlavə, beyin fəaliyyətinə və iltihabi proseslərə niyə fərqli təsir göstərdiyini izah edir. Bununla belə, tədqiqatçılar xəbərdarlıq edirlər ki, uzun müddət ac qalmaq hər kəs üçün təhlükəsiz deyil, çünki bu proses qanın laxtalanmasının pozulmasına, susuzlaşmaya və bədəndə elektrolit balansının korlanmasına səbəb ola bilər. Müəlliflər ümid edirlər ki, əldə olunan bu nəticələr gələcəkdə günlərlə ac qalmağa ehtiyac duymadan bədənə eyni faydalı effektləri verə biləcək xüsusi müalicə üsullarının və preparatların hazırlanmasına kömək edəcək.


media-728x90banner

Bənzər xəbərlər