Əminə Ağazadə seçicilərlə görüşdü
62 saylı Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Əminə Ağazadə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində bu gün Kürdəmir rayonunun Atakişili kəndində və rayon mərkəzində bir qrup şəhər sakinləri ilə görüşüb.
Namizədin vəkili Zeynal Səfərov çıxış edərək Əminə xanımın VI çağırış Milli Məclisin deputatı kimi fəaliyyəti haqqında məlumat verdi, görüş iştirakçılarını 1 sentyabr 2024-cü ildə keçiriləcək növbədənkənar parlament seçkilərində fəal olmağa çağırıb.
Deputatlığa namizəd Əminə Ağazadə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuzun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin hər bir azərbaycanlı üçün əhəmiyyətindən söz açaraq ölkəmizin son illərdə əldə etdiyi uğurlardan, VI çağrış Milli Məclisdə Kürdəmir rayonundan təmsil olunan deputat kimi rayonun dövlət qurumları qarşısında qaldırdığı sosial-iqtisadi məsələlərindən, rayon əhalisi ilə apardığı mütamadi görüşlərdən, rayon sakinləri tərəfindən edilən müraciətlərin cavablandırılmasından söhbət açıb.
Əminə Ağazadə qarşıdan gələn parlament sekilərinin əhəmiyyətindən danışaraq seçiciləri aktiv olmağa, layiq bildikləri namizədə səs verməyə çağırıb.

Əminə Ağazadə seçicilərlə görüşdü
Millət Vəkili Əminə Ağazadə seçiciləri ilə görüş keçirib. XALQ.AZ xəbər verir ki, Kürdəmir rayonunun Cəyli və Pirili kəndlərində görüş zamanı deputat seçicilərinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlər haqqında birgə müzakirələr aparıb.
Cəyli kəndində keçirilən görüş zamanı seçiciləri narahat edən suvarma kanallarının vəziyyəti, elektrik xəttlərində olan nasazlıq, işsizlik problemləri barəsində Millət vəkilinə məlumat verilib. Məsələlər qeydə alınaraq həlli istiqamətində konkret tapşırıqlar verilib.
Pirili kəndində seçicilərlə görüş zamanı Əminə xanım kənd əhalisini salamlayaraq seçkilərdə ona göstərdikləri etimada görə öz təşəkkürünü bildirib, kəndin problemlərinin həllində daim onların yanlarında olacağını bir daha vurğulayıb.
Millət vəkilini salamlayan kənd ağsaqqalları Pirili kənd sakinləri adından Əminə xanıma fəaliyyətində uğurlar arzulayaraq əhalini narahat edən məsələlər haqqında ona məlumat verilib.
Kəndin ən ağrılı məsələsi suvarma suları ilə yaşanan vəziyyətdir. Kənd sakinləri bununla bağlı Millət vəkilindən dövlət qurumları qarşısında məsələ qaldırmasını xahiş edərək məsələnin vacibliyini xüsusi olaraq vurğulayıblar.
Pirili kənd məktəbinin mövcud vəziyyəti də müzakirə olunub. Millət vəkili məktəb binasını gəzərək buradakı şəraitlə tanış olub. Məktəbin yenidən inşa edilməsi ilə bağlı qısa müddətdə Nazirlər Kabinetinə, müvafiq dövlət qurumlarına müraciətlər hazırlanması qərara alınıb.
Görüşdə kəndin elektrik xəttllərində yaşanan problemlər, internet, kənd daxili yolların abadlaşdırılması məsələlərinə toxunulub, konkret tədbirlərin görülməsi haqqında fikir mübadiləsi aparılıb.























