Tərtər kəndləri susuz qalıb
Yeni rəis isə verdiyi pulları çıxarmaqla məşğuldur
Cəbhə bölgəsində yerləşən kəndlərin içməli su problemi ilə tez-tez üzləşməsi və bu cür məsələlərin 20 ildən çoxdur ki çözülməməsi son illərin ək aktual problemlərindən birinə çevrilib.
XALQ.AZ xəbər verir ki, içməli su problemi ilə üzləşən yaşayış massivlərindən biri də Tərtər rayonudur. Bu rayonun bir çox kəndlərində su mənbələri həddən artıq çirklənib. Belə ki, həmin kəndlərin ərazilərindən keçən çayların yatağı zir-zibillərlə doludur. Bəzi yerlərdə isə qaz və ördəklər çayların içərisində üzür və öz ifrazatlarını çaya axıdırlar.
Rayonun Seydimli kənd sakinləri deyirlər ki, onların istifadə etdikləri çaylardan birinin adı Xoruzlu çayı adlanır. Digər çayın adı isə yoxdur. Çünki ondan çaydan daha çox su arxı kimi istifadə edilir. Hər iki çayın suları öz mənbəyini Murovdağın Kəlbəcər istiqamətindən götürür. Yerli sakinlər deyirlər ki, ermənilər həmin çayların mənbələrini tapa bilmədiklərindən onları bağlaya, yaxud zəhərləyə bilmirlər. Ancaq bulaq suyu olmasına baxmayaraq, həmin sular həmişə çirklənir və zibillənir. Onların antisanitariya mənbəyinə çevrilməsi müxtəlif səbəblərlə əlaqələndirilir. Çünki hər iki çaya müxtəlif məişət tullantıları atılır, ev heyvanları sulanır, qazlar və ördəklər həmişə həmin çaylarda üzürlər.
Bunlar azmış kimi, bəzi evlərin ayaqyollarının çirkli tullantılarının həmin çaylara axıdılır. Ona görə də yerli sakinlər hər iki çaydan götürdükləri suları evlərindəki su süzdürən daşlarda süzdürür, süzülmüş sudan içməli su kimi xörək bişirilməsi, çay qaynadılması və digər məqsədlər üçün istifadə edirlər. Bunlardan əlavə, həmin çayların ayrı-ayrı hissələri bağlanır və çay suları kəndaxili arxlara axıdılır. Nəticədə bəzi sakinlər həmin arxların sularından həyətyanı təsərrüfat sahələrini və bağlarını sulayırlar. Yerli sakinlər bildirirlər ki, Seydimli Tərtər rayonunun ən böyük kəndlərindən biri olduğu üçün bəzi sakinlər hər iki çayın sularından həm həyətyanı sahələrini və bağlarını, həm də əkin sahələrini suvarmaqda çətinlik çəkirlər. Bunun üçün də subartezian quyularından istifadə olunur. Keçmiş SSRİ dövründə fəaliyyətdə olan bir neçə subartezian quyusu müstəqillik illərində baxımsızlıq və nəzarətsizlik üzündən dağılaraq sıradan çıxıb. Onların bərpası mümkün olmadığından hazırda kənddə cəmisi 4-5 subartezian quyusu qalıb. Ancaq onların sularından da maksimum bəhrələnmək mümkün deyil. Yerli sakinlərin dediklərinə görə, problem həmin quyuların elektrik enerjisi ilə işləməsi və elektrik enerjisindən istifadəyə görə tariflərin baha olması subartezian quyularından yalnız müəyyən vaxtlarda istifadə edilməsinə gətirib çıxarıb. Sakinlər deyirlər ki, təxminən 1980-ci illərin sonunda kəndin bütün məhəllədaxili ərazilərinə, döngə və məhəllərə çuqundan borular çəkilib və onlar vasitəsilə evlərə içməli suyun verilməsi gözlənilirdi. Bunun üçün hər döngə və məhəllədə supaylayıcı qurğusunun, yaxud hovuzların quraşdırılması planlaşdırılmışdı. İçməli su isə Seydimli kəndinin Tərtər rayon mərkəzinə yaxın hissəsində, Nəriman Nərimanov adına kolxozun mal-qara fermasının yanındakı su anbarından veriləcəkdi. Ancaq SSRİ dağıldığından içməli su problemi çözülmədi. Hətta həmin anbardan çəkilmiş iri su borusu ilə hazırda da Naftalan şəhərinə içməli su verilsə də, 25 ildir Seydimliyə içməli su verilmir.
Tərtərdə yaşanan ən ciddi problemlərdən biri də bəzi kəndlərdəki sakinlərin içməli suyu pulla alması ilə bağlıdır. Yerli əhalinin əksəriyyəti isə içməli suya tələbatını ödəmək üçün rayon mərkəzindəki bulaqlardan və artezian quyularından çıxan suları satın almaqda görür. Hazırda 1 ton suyun qiyməti rayon mərkəzi ilə məsafədən asılı olaraq minimum 5-6 manatdır. Əməkdaşımız rayonun Seydimli kəndində olarkən bunun canlı şahidi olub. Bu rayonda hətta yas məclislərində qab-qacağın yuyulması üçün gətirilən suyun 2 tonu 10-15 manata satılır. Ancaq yerli sakinlərin ayda 2-3 dəfə bu qədər suyu almağa maddi imkanları yetmir. Digər tərəfdən, satın alınan suların saxlanıldığı çənlərin sanitar-gigiyenik vəziyyəti də normalara tələb vermir. Məsələn, Seydimli kəndində sakinlərdən bəziləri plasmast, digərləri isə dəmir çənlərdən istifadə edirlər. Dəmir çənlər uzun müddətdir istifadədə olunduğundan və il ərzində 4-5 dəfə yuyularaq təmizləndiyindən artıq pas atıb. Plastmas çənlər də həmçinin minimum ayda 1 dəfə yuyulub-təmizlənsə belə onların divarlarının qaralması, diblərində yovşanabənzər bitki örtüyünün əmələ gəlməsi ürəkağrıdan faktlardan biridir. Üstəlik həmin çənlərə yerli sanitar-gigiyenik orqanlar tərəfindən nəzarət edilmir, onlar həkimlər tərəfindən təmizlənmir və dezinfeksiya olunmur. Bütün bunlar da onu göstərir ki, dəmir və plastmas çənlərdə saxlanılan sular ən azı qurd xəstəliklərinin yaranmasına gətirib çıxara bilər.
Tərtər rayonundakı bəzi kəndlərin sakinləri Tərtər çayının kənarında, Heydər Əliyev prospektində, «Ayaq köpüsü» deyilən yerdən keçən içməli su borusunu deşərək oraya plastmas su şlanqı qoşublar. Beton dayaq divarlarından birinin üzərinə qoyulmuş həmin şlanqın digər ucundan isə üzüaşağı yaşıllığa doğru daim su axır. Bəzi sürücülər avtomobillərdə gətirdikləri su balonlarını doldurur və şlanqı əvvəlki yerinə qoyurlar. Yerli sakinlərin balonlara su doldurduqları digər mənbə isə «Azərenerji» ASC-nin nəzdindəki «Mingəçevir REŞ» MMC-nin Tərtər Elektrik Şəbəkəsinin girişində yerləşən və artezian quyusundan çıxan sulardır. Orada əhalinin su götürməsi üçün krant belə quraşdırılıb. Daha çox rayonun Seydimli, Səhləbad və Qazıyan kənd sakinləri olan su götürənlər həm çənləri olmadığından, həm də tonlarla suyu almağa maddi imkanları yetmədiyindən ancaq su balonlarında su götürməklə gündəlik tələbatlarını ödəməyə çalışırlar. Bəzən isə onların rayona su dalınca gələcəklərini bildikləri üçün qonşular da onlara su balonları verir və dolduraraq gətirmələrini xahiş edirlər. Sürücülər onu da vurğuladılar ki, Tərtərdə su problemi çözülmədiyi halda, su qıtlığı yayda daha da güclənə bilər.
Bu problemlər fonunda məsələ ilə məşğul olmalı olan Tərtərin Subartezian Quyularının İstismarı İdarəsinin yeni rəisi əhali qətiyyən düşünmür. Onun üçün maraqlı olan məsələ yeni təyinat aldığında verdiyi pulları çıxarmaqdır. Ona görə də, bütün günü su satmaqla istəyinə çatmağa çalışır.










